"Təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir".

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

"Azərbaycanda, nə qədər həssas səslənsə də, bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır. Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Keyfiyyətlə dəyər arasındakı əlaqəni tamamilə pozmaq mümkün deyil. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq. Bu istiqamətdə “SABAH qrupları” vacib həll yollarından biridir. Həmin qruplarda keyfiyyətin yüksəldilməsi üçün dövlət sifarişi ilə müqayisədə təxminən iki dəfə artıq maliyyə ayrılır. Bu yanaşma artıq müəyyən nəticələr verməyə başlayıb. Ötən il dövlət sifarişində iştirak etməyən bir neçə ali təhsil müəssisəsi də bu təşəbbüsə qoşulub. Eyni zamanda, təhsil haqqını artırmaq mümkün deyilsə, universitetlər tələbə sayını artırmağa məcbur olur. Bu zaman isə kəmiyyətlə keyfiyyət arasında tərs mütənasiblik yaranır. Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə sayının artması təhsil keyfiyyətinin azalmasına səbəb ola bilir. Həyata keçirdiyimiz islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail olaq. Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir", - deyə nazir bildirib.