Bu gün ABŞ prezidenti Donald Trampın 80 yaşı tamam olur. "
Unikal" xəbər verir ki, onun adı əksər hallarda siyasətlə əlaqələndirilsə də, Tramp 2016-cı il prezident seçkilərindən xeyli əvvəl ABŞ-da tanınmış biznesmen, televiziya siması və ictimai fiqur kimi məşhurlaşmışdı.
Ailə biznesindən böyük sahibkarlığa
Donald Tramp 1946-cı ildə Nyu-Yorkun Kvins rayonunda sahibkar Fred Trampın ailəsində anadan olub. Atası yaşayış binalarının tikintisi və idarə olunması ilə məşğul idi. Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirdikdən sonra Tramp ailə şirkətində çalışmağa başlayıb.
Karyerasının ilk illərində ailəyə məxsus yaşayış fondunun idarə edilməsində iştirak edən Tramp 1970-ci illərdə sonradan “Trump Organization” adı ilə tanınan şirkətlər qrupuna rəhbərlik edib. O, atasından fərqli olaraq diqqətçəkən və iri layihələrə üstünlük verib.
Daşınmaz əmlakdan dünya brendinə
1970–1980-ci illərdə Tramp Manhettendə bir sıra iri layihələr həyata keçirərək adını ABŞ-ın ən tanınmış biznesmenləri sırasına yazdırıb. Onun soyadı tədricən kommersiya brendinə çevrilib. “Trump” adı altında otellər, ofis binaları, qolf klubları və digər layihələr fəaliyyət göstərməyə başlayıb.
Tramp biznesini yalnız öz obyektləri vasitəsilə inkişaf etdirməyib. O, adının istifadəsi üçün müxtəlif şirkətlərə lisenziyalar verərək hotellərdən kurortlara, hətta istehlak məhsullarına qədər fərqli sahələrdə gəlir əldə edib.
Kazinolar, maliyyə çətinlikləri və yenidən yüksəliş
Trampın biznes imperiyasının ən diqqətçəkən istiqamətlərindən biri kazino və hotel layihələri olub. XX əsrin sonlarında o, Atlantik-Sitidə böyük layihələr həyata keçirib. Lakin bu dövr maliyyə problemləri ilə də yadda qalıb.
2004-cü ildə “Trump Hotels & Casino Resorts”, 2009-cu ildə isə “Trump Entertainment Resorts” şirkətləri müflisləşmə prosedurlarından keçib. Buna baxmayaraq, Tramp digər sahələrdə fəaliyyətini davam etdirərək ABŞ-ın ən məşhur sahibkarlarından biri statusunu qoruyub saxlayıb.
Televiziya onu bütün Amerikaya tanıtdı
Əgər Tramp 1980-ci illərdə əsasən Nyu-Yorkun tanınmış iş adamı idisə, televiziya onu milli səviyyədə məşhurlaşdırdı.
2004-cü ildə NBC kanalında yayımlanan “The Apprentice” (“Namizəd”) realiti-şousunda iştirakçılar müxtəlif biznes tapşırıqlarını yerinə yetirərək Trampın şirkətlərində işləmək uğrunda mübarizə aparırdılar. Trampın məşhur “You're fired!” (“Sən işdən çıxarıldın!”) ifadəsi həmin dövrün ən yaddaqalan televiziya replikalarından birinə çevrilmişdi.
Şou 10 ildən çox davam edib və Trampa təxminən 200 milyon dollar gəlir qazandırıb. Daha sonra məşhurların iştirak etdiyi “The Celebrity Apprentice” layihəsi də ərsəyə gəlib.
Gözəllik müsabiqələri, kitablar və kino
Tramp televiziya ilə yanaşı digər sahələrdə də fəaliyyət göstərib. O, 1996–2015-ci illərdə “Miss Universe”, “Miss USA” və “Miss Teen USA” gözəllik müsabiqələrinin səhmlərinə sahib olub.
Bundan başqa, bir neçə kitab müəllifi kimi də tanınıb. Onun 1987-ci ildə nəşr olunan “The Art of the Deal” (“Saziş bağlamaq sənəti”) kitabı dövrünün ən məşhur biznes bestsellerlərindən biri hesab olunur.
Tramp eyni zamanda müxtəlif filmlərdə epizodik rollarda çəkilib, televiziya proqramlarında iştirak edib və siyasətə gəlməzdən əvvəl uzun illər ABŞ-ın məşhur ictimai simalarından biri kimi tanınıb.
Məhz buna görə də 2015-ci ilin iyununda prezidentliyə namizədliyini elan edəndə amerikalılar üçün Donald Tramp yeni sima deyildi. O, artıq onilliklər ərzində biznes, televiziya və şou-biznes sahəsində formalaşmış tanınmış brend idi.














.jpg)










































