Xaricdə yaşayan azərbaycanlılar arasında dayanıqlı əməkdaşlığın formalaşdırılmasına töhfə vermək, Azərbaycanla institusional və mədəni əlaqələri daha da möhkəmləndirmək, diaspor üzvlərinin liderlik potensialını və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək ölkəmizin diaspor siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Britaniyanın paytaxtı Londonda yerləşən London İmperial Kollecində  “Azərbaycan–Böyük Britaniya Gənclər Forumu: köklərimizi hörmətlə yaşadaraq gələcəyimizi formalaşdırırıq” adlı Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin I Forumunun keçirilməsi də məhz bu məqsədə xidmət edir.

"Unikal" xəbər verir ki, foruma İngiltərənin London, Mançester, Vorvik, Oksford, Nottinqam, Ekseter və York, Şotlandiyanın Qlazqo, Aberdin və Edinburq, eləcə də Şimali İrlandiyanın Belfast və Uelsin Kardif şəhərlərindən azərbaycanlı gənclər qatılıb. Bu geniş coğrafi təmsilçilik forumun Azərbaycan diasporunun gənc nəslini vahid platformada birləşdirmək baxımından əhəmiyyətini bir daha nümayiş etdirib.

Forumda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov iştirak edib.

Komitə sədri forum iştirakçılarını salamlayaraq, Azərbaycan dövlətinin diaspor siyasəti, ölkə başçısının tövsiyələri əsasında həyata keçirilən layihələrdən və xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Belə forumların dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi, gənclərin təşkilatlanması və milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıdığını vurğulayıb. Sədr xaricdə fəaliyyət göstərən Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu Azərbaycan məktəbləri və gənclər təşkilatlarının fəaliyyətindən bəhs edib, gənclərin şəbəkələşməsinə xidmət edən təşəbbüslər barədə məlumat verib. Həmçinin hər il Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda təşkil olunan Diaspor Gənclərinin Yay Düşərgələrinin fərqli ölkələrdə yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, milli kimliyin qorunması və yeni liderlər nəslinin formalaşdırılması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

“Imperial College London” Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Hüseyn Quliyev, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü, Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahova və Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov çıxış edərək, forumun əhəmiyyətindən, diaspor gənclərinin bir araya gəlməsinin vacibliyindən və belə platformaların gələcək əməkdaşlıqlar üçün yaratdığı imkanlardan danışıblar.

Çıxışlardan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin genişmiqyaslı layihələrindən birinə – Diaspor Gənclərinin Yay Düşərgələrinə aid videoçarx nümayiş olunub.

Forum panel müzakirələri ilə davam edib.

“Diaspor nəsillərarasında: davamlılıq, liderlik və miras – növbəti nəsli diaspor fəaliyyətlərinə cəlb etmək” mövzusuna həsr olunan və Hüseyn Quliyevin moderatorluğu ilə keçirilən paneldə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, ekspertlər Faiq İsrafilov və Nəzrin Fərziyeva diaspor fəaliyyətində nəsillərarası əməkdaşlıq, liderliyin formalaşdırılması, milli-mədəni irsin qorunması və gənclərin diaspor təşkilatlarında iştirakının artırılması ilə bağlı fikir və təcrübələrini bölüşüblər.

İkinci panel Raul Fəhradovun moderatorluğu ilə “İlhamverici uğur: Azərbaycan gənclərinin nailiyyətləri və hekayələri – ilhamlan və fəaliyyətə keç!” mövzusunda təşkil olunub. Paneldə Böyük Britaniyadakı müxtəlif aparıcı şirkətlərdə çalışan Tofiq Həsənov, Xəyalə Eylazova, Nurlanə Dünyamalıyeva, Teymur Vəliyev və Məzahir Məmmədli təhsil, karyera, sahibkarlıq və ictimai fəaliyyət sahələrində əldə etdikləri uğur hekayələrini iştirakçılarla bölüşərək, gəncləri fəal olmağa və öz potensiallarını inkişaf etdirməyə çağırıblar.

Forumda, həmçinin beynəlxalq təlimçi Nicky Moran tərəfindən “İctimaiyyət qarşısında çıxış” mövzusunda interaktiv təlim keçirilib. Təlim zamanı effektiv ünsiyyət, auditoriya ilə işləmək, təqdimat bacarıqları və ictimai çıxış zamanı özünə inamın artırılması ilə bağlı praktiki bilik və tövsiyələr verilib.

Müzakirələr gələcək əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və diaspor fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsinin aparılması ilə davam edib. 

Daha sonra panelistlərə, moderatorlara və təşkilati dəstək göstərən şəxslərə təşəkkür edilib, iştirakçılar sertifikatlarla təltif olunublar.

Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin I Forumunun bədii hissəsində Londonda yaşayan soydaşımız, skripkaçı Sabina Rakçiyevanın ifaları iştirakçılara xoş musiqi anları yaşadıb.

Qeyd edək ki, forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycan Cəmiyyəti və London İmperial Kollecindəki Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illərdə eyni sahədə fəaliyyət göstərən soydaşlarımızın şəbəkələşməsi və ortaq təşəbbüslərinin inkişafı məqsədilə silsilə forumlar təşkil edir. Bu günədək xaricdə və Azərbaycanda diaspor gənclərinin, həkimlərin, mühəndislərin və alimlərin forumları uğurla həyata keçirilib, bu təşəbbüs ölkəmizdə də, soydaşlarımız arasında da böyük rəğbətlə qarşılanıb.