Sabirabad rayonunda ötən gün axşam saatlarından başlayaraq müşahidə olunan güclü külək və intensiv yağış bir sıra fəsadlara səbəb olub. 

"Unikal" xəbər verir ki, təbii hadisə nəticəsində rayon mərkəzi ilə yanaşı bir çox kəndlərdə yolkənarı ağaclar aşmış, bəzi ərazilərdə işıq dirəkləri zədələnmiş, elektrik xətlərində qırılmalar baş vermişdir. 

Həmçinin əlverişsiz hava şəraiti səbəbindən internet və rabitə xətlərində də ciddi problemlər yaranmış, bəzi yaşayış məntəqələrində əlaqə və enerji təminatında fasilələr qeydə alınmışdır.

Mövcud vəziyyətlə əlaqədar dünən gecə saatlarından etibarən Azərişıq, Aztelecom və digər qurumların əməkdaşları gücləndirilmiş iş rejiminə keçərək ərazilərdə yaranmış problemlərin aradan qaldırılması istiqamətində fasiləsiz fəaliyyət göstərirlər.

Hazırda aşmış ağacların yollardan kənarlaşdırılması, zədələnmiş elektrik dirəklərinin bərpası, qırılmış elektrik və internet xətlərinin yenilənməsi istiqamətində işlər davam etdirilir. Aidiyyəti qurumlar tərəfindən rayon ərazisində vəziyyət nəzarətdə saxlanılır və əhalinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür.

Xəlil Əliyev