Son günlər hərbi təlim toplanışları ilə bağlı suallar və müzakirələr xeyli artıb. Xüsusilə çağırışa kimlərin çağırıldığı və kimlərin bu prosesdən azad olunduğu məsələsi cəmiyyətdə maraq doğurur.

İddialara görə, bəzi şəxslər hərbi xidməti təxirə salmaq və ya yayınmaq məqsədilə müxtəlif yollara əl atırlar. Son dövrlərdə bəziləri hərbi xidmətdən yayınmaq üçün xarici təhsil şirkətləri vasitəsilə universitetlərə qeydiyyatdan keçərək tələbə statusu əldə edir. Lakin onların bir qisminin faktiki olaraq dərslərdə iştirak etmir.

"Unikal" xəbər verir ki, vəkil Babək Həmidov "Azxeber.com"a açıqlamasında deyib ki, rəsmi sənədlərin saxtalaşdırılması cinayət hesab olunur:

"Rəsmi sənədlərin saxtalaşdırılması və onlardan istifadə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə qadağan olunur. Bu hal korrupsiya cinayəti hesab edilir. Mövcud vəziyyətdə, şəxsin hərbi xidmətdən yayınması məqsədilə saxta sənədlər hazırlayan şəxs, eləcə də həmin sənədin saxta olduğunu bilə-bilə onu aidiyyəti qurumlara təqdim edən şəxs qanun qarşısında məsuliyyət daşıyır”.

Vəkil bildirib ki, hərbi xidmətdən yayınan şəxslər 6 ilə qədər azadlıqdan məhrum oluna bilər:

"Bundan əlavə, hərbi xidmətdən boyun qaçırma halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, üzrlü səbəb olmadan həqiqi hərbi xidmətdən yayınan şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Belə hallarda məhkəmənin qərarı ilə şəxs iki ilədək azadlıqdan məhrum edilə bilər. Əgər bu əməl müharibə dövründə törədilərsə, bu hal ağırlaşdırıcı vəziyyət kimi qiymətləndirilir və həmin şəxs üç ildən altı ilədək azadlıqdan məhrum oluna bilər”.

Təhsil eksperti Elmin Nuri "Azxeber.com"a açıqlamasında bildirib ki, bəzi şəxslər təhsildən birbaşa marketinq kimi istifadə edirlər:

"Bəzi şəxslər təhsildən birbaşa marketinq istiqamətində istifadə etməyə çalışır. Hər bir sahədə menecment və marketinq fəaliyyəti ayıb deyil. Əksinə, bu proseslər qaydalara və hüquqi çərçivəyə uyğun həyata keçirilərsə, alqışlanmalıdır. Amma məsələ qeyri-loyal yanaşmalara gəlib çatdıqda, "qırmızı xətlər” keçildikdə, şəffaflıq və dürüstlük prinsipləri pozulduqda, artıq təhsil marketinqi də iflasa uğrayır”.

O qeyd edib ki, bəzi xarici təhsil şirkətləri uzun illərdir qeyri-loyal fəaliyyətlə məşğuldurlar:

"Bəzi xarici təhsil şirkətləri uzun illərdir qeyri-loyal fəaliyyətlə məşğuldurlar. Hüquqi dövlət olaraq müvafiq qurumlar bu istiqamətdə lazımi tədbirlər görürlər. Bu tip şirkətlər xeyli sayda abituriyenti və tələbə namizədlərini manipulyasiya edərək zaman-zaman aldadırlar. Vəziyyət əvvəlki olmasa da, yenə də bu cür şirkətlərə inanan valideynlər var.

Hər il qəbul imtahanlarının nəticələri açıqlanandan sonra bəzi təhsil şirkətləri ortaya çıxır. Regionların birində cəmi bir neçə gün ərzində doqquza yaxın "təhsil şirkəti” fəaliyyətə başlayır. Bu rəqəmlər problemin miqyasını açıq şəkildə göstərir”.

Ekspert bildirib ki, müəyyən qurumlar bu problemlərlə məşğul olurlar:

"Təhsilin Keyfiyyət Təminatı Agentliyinin (TKTA) siyahısı mövcuddur. Həmin siyahıda ölkədə tanınan universitetlər yer alır. Elm və Təhsil Nazirliyinin rəsmi maarifləndirici materialları və videoları var. Lakin biz çox vaxt bunlara baxmadan qərar veririk və nəticədə aldanırıq. Bu aldanma isə abituriyentin, gələcək tələbənin taleyinə mənfi təsir göstərir. Bəzi gənclər yalnız tələbə adını almaq və ya hərbi xidməti gecikdirmək üçün bu cür "təhsil” yollarına üz tuturlar”.