Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən körpənin atası vəkil Əli Qəmbərov prezidentə müraciət edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov müraciətində istintaqın gedişatından narazılığını bildirib.
Xatırladaq ki, yanğın hadisəsi noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verib.
Hadisə zamanı 2018-ci il təvəllüdlü Qəmbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. Eyni zamanda 25 nəfər tüstüdən zəhərlənib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Noyabrın 23-də hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayev şübhəli şəxs qismində saxlanılıb.
Noyabrın 24-də isə ona qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülərək təqsirləndirilən şəxs qismində cəlb olunub.
