Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Çin Xalq Respublikasının Hexi Universiteti arasında onlayn görüş təşkil olunub.

"Unikal" xəbər verir ki, görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov universitetin beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. O qeyd edib ki, ADAU-nun xarici ali təhsil müəssisələri ilə qurduğu tərəfdaşlıqlar təhsil və elmi tədqiqat sahəsində yeni imkanlar yaradır, tələbə və müəllim mübadiləsinin genişlənməsinə şərait formalaşdırır. Rektor, eyni zamanda, Çin universitetləri ilə əməkdaşlığın aqrar sahədə innovativ yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Hexi Universitetinin rektoru Li Guang və prorektoru Wang Guoying çıxışlarında iki ali təhsil müəssisəsi arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Bildirilib ki, tərəflər arasında birgə elmi layihələrin həyata keçirilməsi, akademik heyətin təcrübə mübadiləsi və tələbələrin qarşılıqlı şəkildə təhsil imkanlarından faydalanması üçün geniş potensial mövcuddur.

Görüş zamanı aqrar sahədə müasir texnologiyaların tətbiqi, birgə tədqiqatların aparılması, ikili diplom proqramlarının yaradılması və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Hexi Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında “Hexi Təlim və Tədris Mərkəzi”nin birgə yaradılmasına dair əməkdaşlıq sazişi imzalanıb.