Bakıda qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, ötən ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində yaşadığı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Orxan Rasifoğlu
