"Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri  xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törətmişlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib. MM sədri qeyd edib ki, 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb:

"Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunmuş və xalqımıza qarşı etnik təmizləmələrə və soyqırımı cinayətlərinə son qoyulub. Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Xahiş edirəm, Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad edək".

Anar Kəlbiyev