"“Qarabağ” futbol klubu və AQTİ arasında yalnız rəsmi deyil, həm də peşəkar səviyyədə sıx əməkdaşlıq mövcuddur".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev deyib.
Onun sözlərinə görə, İnstitutun Elmi Araşdırmalar Mərkəzinin rəhbər vəzifəli şəxslərindən biri eyni zamanda klubda həkim-diyetoloq və qidalanma mütəxəssisi kimi fəaliyyət göstərir. Bu isə beynəlxalq turnirlərdə ölkəni təmsil edən futbolçuların qidalanmasının birbaşa İnstitutun elmi-texniki potensialı əsasında təşkil olunmasına imkan yaradır.
R. Nəbiyev vurğulayıb ki, mütəxəssis vasitəsilə komandanın menyusu, qida rasionu və qidalanma rejimi idarə olunur, proqramlar ən son elmi yeniliklər və fərdi yanaşma prinsipi əsasında hazırlanır. İnstitutun güclü mütəxəssis heyəti, laborator imkanları və elmi-texniki bazası bu istiqamətdə effektiv fəaliyyət göstərməyə şərait yaradır.
