"ABŞ Prezidenti Donald Trampın İranla əməkdaşlıq edən ölkələrə qarşı 25 % rüsum açıqlaması daha çox iqtisadi hədə xarakteri daşıyır".
"Unikal" xəbər verir ki,bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, məsələnin mahiyyəti ondan ibarətdir ki, İranla ticarət və iqtisadi əlaqə quran ölkələrin ABŞ ilə olan ticarətinə əlavə rüsum tətbiqi nəzərdə tutulur:
"Bu addım ABŞ-nin İrana iqtisadi təzyiqinin yeni mərhələsidir. Amma hazırda ortada bu qərarı detallı izah edən rəsmi sənəd yoxdur. Hansı ölkələrə, hansı mallara və hansı şərtlərlə tətbiq olunacağı aydın deyil. Fikrin qətiliyi səslənsə də, qərarın hüquqi mexanizmi formalaşmayıb və rəsmi Vaşinqton icra qaydaları ilə bağlı konkret mövqe ortaya qoymayıb. Hətta ABŞ daxilində belə bu məsələ ətrafında narahatlıqlar var.
Bu fonda qərarın Azərbaycana birbaşa təsir edəcəyini söyləmək düz olmaz. Dünyanın demək olar bütün ölkələri bu və ya digər formada İranla ticarət əlaqələrinə malikdir. Hamıya eyni anda 25 faiz rüsum tətbiqi real mexanizm deyil və bu yanaşma ABŞ-nin özü üçün də ciddi iqtisadi risklər yarada bilər. Odur ki, mövcud vəziyyətdə Azərbaycan üçün konkret və birbaşa təhdid görmürəm".
