Yanvarın 22-də Günəşin yaxınlığında Yerə ən yaxın üç planet — Merkuri, Venera və Marsdan ibarət planetlər paradı olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, Venera və Mars artıq Günəşə yaxınlaşaraq ötən Milad bayramı ərəfəsində qarşıdakı iki əsr miqyasında nadir sayılan birləşmə yaradıb və hazırda bir-birindən uzaqlaşırlar. Venera Günəşdən sola, Mars isə sağa doğru hərəkət edir.
Yanvarın 22-də Merkuri, Venera, Mars və Günəş səmada son simmetrik konfiqurasiyada düzülərək, tərəfləri 2–3 dərəcə olan, demək olar ki, düzgün romb və ya xaç formasını yaradacaq. Bundan sonra planetlər paradı tədricən dağılmağa başlayacaq. Yanvarın sonuna qədər Günəşdən ilk uzaqlaşan ən sürətli planet Merkuri olacaq. Fevral ayı ərzində isə əvvəlcə Venera, daha sonra Mars uzaqlaşacaq.
İnstitutdan qeyd olunub ki, bu cür səma hadisəsi növbəti dəfə yalnız 2038-ci ilin sentyabrında baş verəcək.
