Yaponiyanın Vakayama prefekturasının Kinokava şəhərində yerləşən dəmiryol vağzalına “Yonotama” adlı pişik rəsmi olaraq yeni stansiya nəzarətçisi təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" xəbər agentliyi məlumat yayıb.

Təntənəli mərasim zamanı pişiyin boynuna vəzifə titulunun həkk olunduğu medal taxılıb. "Wakayama Electric Railway Co" şirkətinin prezidenti Mitsunobu Kojima bildirib ki, "Yonotama"nın Yapon dəmiryollarının ciddi dəyişikliklər dövründən keçdiyi bir vaxtda mühüm rol oynayacağına ümid edirlər.

"Yonotama" ötən ilin noyabrında vəfat edən əvvəlki “pişik-stansiya rəisi” "Nitama"nın yerini tutub. "Nitama" dəmiryol xəttinin tanıdılmasında göstərdiyi xidmətlərə görə ölümündən sonra fəxri stansiya rəisi adına layiq görülüb.

Qeyd edək ki, stansiya nəzarətçisi vəzifəsi simvolik xarakter daşıyır. Pişik vağzalın talismanı sayılır və turistlərin bölgəyə cəlb olunmasında mühüm rol oynayır. Bu ənənə 2007-ci ildə "Tama" adlı pişiyin stansiya nəzarətçisi təyin olunması ilə başlayıb. Həmin təşəbbüs zərərlə işləyən dəmiryol xəttinin maliyyə dayanıqlığını qorumasına kömək edib.

Gülayə Mecid