Sabah BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı fövqəladə iclası keçiriləcək.

"Unikal" xəbər verir ki,  bu barədə “Sinxua” BMT Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Somalinin BMT-dəki daimi nümayəndəliyinə istinadən məlumat yayıb.

İclas yanvarın 5-də saat 15.00-da keçiriləcək.

XXX

11:26

Kolumbiya ABŞ-ın Venesuelaya qarşı aqressiyası ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti Kolumbiya prezident administrasiyasının inzibati departamentinin direktoru Andji Rodrigesə istinadən məlumat yayıb.

Məlumata görə, Kolumbiya bazar ertəsi gününə BMT Təhlükəsizlik Şurasının iclasını təyin edib. Bununla yanaşı, Amerika Dövlətləri Təşkilatının (ADT) Daimi Şurasının fövqəladə iclasının keçirilməsi, eləcə də Latın Amerikası və Karib Dövlətləri Birliyinə (CELAC) üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün təşkili üçün sorğular göndərilib.Qeyd edək ki, hazırda Kolumbiya CELAC-a sədrlik edir.

Xatırladaq ki, bir gün əvvəl Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra Kolumbiya prezidenti Qustavo Petroya daha ehtiyatlı olmağı tövsiyə edib.