"Bakıya səfərimiz yaxşı oldu. Sabahkı görüşü səbirsizliklə gözləyirik. Komandama inanıram".
"Unikal" xəbər verir ki, bunu Niderlandın “Ayaks” komandasının baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, “Qarabağ”ın yaxşı komanda olduğunu bildirib: “Onlar nadir hallarda məğlub olurlar. Tez bir zamanda hücuma atılmağı bacarırlar. Rəqibin heyətində texniki cəhətdən güclü futbolçular var”.
Baş məşqçi “Qarabağ”ın matçlarına baxdığını, Ağdam təmsilçisinin balanslı komanda olduğunu söyləyib:
“Onlar ildən-ilə inkişaf edirlər. “Qarabağ”ın yaxşı müdafiəçiləri var. Onlar orta sahədə də uğurlu oyun qura bilirlər. Xalımız olmasa da, rəqibdən çəkinmirik. Komanda olaraq daha da inkişaf etmək istəyirik. Çempionlar Liqasında xalımızın olmaması pis nəticədir. Bakıdan uğurlu nəticə ilə qayıtmaq niyyətindəyik”.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.
