Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi tərəfindən "AZNAR” Qapalı Səhmdar Cəmiyyətinin istehsalat fəaliyyəti əsassız olaraq dayandırılmış, zavodun əmlakı üzərinə həbs qoyulmuşdu. Həmin vaxt "AZNAR" QSC-dən saytımıza bildirilmişdi ki, sözügedən tədbirlər “QARAÇAY” Fermer Şirkəti ilə “Kənd” MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli bir neçə podrat müqaviləsindən irəli gələn mülki-hüquqi mübahisə ilə bağlı görülüb. Qeyd olunub ki, mübahisə yalnız həmin iki təsərrüfat subyekti arasında mövcuddur və “AZNAR” QSC-nin həmin müqavilələrə, tərəflərin öhdəliklərinə və yaranmış borc münasibətlərinə heç bir aidiyyəti yoxdur.

"Unikal"ın əldə etdiyi məlumata görə, “Kənd” MMC məsələ ilə bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciət edib.

Şəki Apellyasiya Məhkəməsində hakim Əyyub Kərimovun sədrliyi ilə keçirilən iclasda "Kənd" MMC-nin şikayəti qismən təmin edilib. Beləliklə, "AZNAR" QSC-nin əmlakları üzərinə qoyulan həbs götürülüb.

Ədalətli qərar qəbul edildiyinə görə, "AZNAR" QSC-nin rəhbərliyi Şəki Apellyasiya Məhkəməsinə təşəkkür edib. 

Onu da qeyd edək ki, Göyçay Rayon Məhkəməsinin və Göyçay rayon İcra və Probasiya şöbəsinin qeyri-qanuni qərarı nəticəsində "AZNAR" QSC-yə məxsus zavod nar yığımı sezonu zamanı bir aydan çox müddətdə nar yığa bilməyib. Bu da zavodun fəaliyyətinə ciddi zərər vurub.

Seymur Əli