Bakıda həyat yoldaşını qətlə yetirməkdə və ona qısqandığı taksi sürücüsünü öldürməyə cəhd etməkdə təqsirləndirilən Əfqanıstan Respublikası vətəndaşı Samandar Səfayinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin sərbəst ifadəsi dinlənilib.
Samandar Səfayi ifadəsində Əfqanıstan vətəndaşı olduğunu, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanda məskunlaşaraq Nüşabə adlı qadınla ailə həyatı qurduğunu və iki övladının olduğunu deyib.
Təqsirləndirilən şəxs həyat yoldaşının davranışlarından şübhələndiyini söyləyib:
“Bir müddətdir Nüşabənin hərəkətlərindən şübhələnirdim. Ondan heç nə əsirgəmirdim. Bir gün dəfələrlə zəng etdim, cavab vermədi. Evə gələndə "mağazaya getmişdim" dedi. Amma mən onu taksidə görmüşdüm. Araşdırandan sonra dediyi mağazada olmadığını bildim”, — deyə Səfayi ifadəsində bildirib.
O, evdə yaranmış mübahisə zamanı həyat yoldaşını öldürdükdən sonra onunla birlikdə gördüyü taksi sürücüsü Canmirzə Cabbarovun olduğu yerə gedərək ona da divar kağızı bıçağı ilə ağır xəsarət yetirdiyini etiraf edib.
Qeyd edək ki, hadisə 2025-ci il iyulun 9-da Binəqədi rayonunda baş verib. Rayon Prokurorluğunda aparılan araşdırmalarla Nüşabə Səfərovanın (Səfayi) qısqanclıq zəminində qətlə yetirilməsi və Canmirzə Cabbarovun öldürülməsinə cəhd edilməsi müəyyən edilib.
Faktla bağlı Səməndər Səfayi barəsində Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.
Seymur Əli
