Yeni növrağını yaşayan Kəlbəcər şəhərində, sözün əsl mənasında, bayram ab-havası var. Füsunkar dağlarla əhatə olunan, dəniz səviyyəsindən təxminən 1500 m hündürlükdə qərar tutan bu ulu yurdumuz paytaxtdan və bölgələrdən gəlmiş qonaqlara qucaq açıb.
"Unikal" xəbər verir ki, Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir. Bayram tədbirlərinə tamaşa nümayişi ilə başlanılıb. Gəncə Dövlət Milli Dram Teatrının kollektivi yazıçı, dramaturq Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri ilə kəlbəcərli uşaqları sevindirib.
Musiqili nağıl-tamaşanın quruluşçu rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Vahab Cəfərov, rejissor assistenti Dursun Cəlilova, musiqi tərtibatçısı Ziyad Abbasovdur. Rolları Elmir Məmmədov, Elnur Abbasov, Mətləb Təhmazi, Elmil Salmanov, Fərid Vəliyev, Zeynəb Hüseynova və başqaları canlandırıblar. Abdulla Şaiqin maarifçi ideyalarının şən musiqi və rəqslərlə ahəngdar şəkildə təqdim olunduğu səhnə əsəri tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.
***12:08
Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir.
"Unikal" xəbər verir ki, Şəhər Günü çərçivəsində tamaşa nümayişi, sərgilər, təsviri sənətlə bağlı ustad dərsləri, geniş konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi və siyasi müstəvilərdə qazanılan qələbələr sayəsində 2020-ci ilin 25 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad edilib. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
