Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) dünyanın aparıcı reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən tərtib olunan “Interdisciplinary Science Rankings 2026” reytinqində ilk dəfə “məruzəçi” (reporter) qismində dəyərləndirilib.
"Unikal" xəbər verir ki, Böyük Britaniyanın “Times Higher Education” şirkəti “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı “İnterdisiplinar Elm Reytinqi 2026”nın nəticələrini açıqlayıb.
Dünyanın 97 ölkəsindən 911 ali təhsil müəssisəsinin yer aldığı reytinqdə Azərbaycan üzrə 13 universitet iştirak edib. Onlardan 4-ü ilk minlikdə, 9-u isə “məruzəçi” statusunda qiymətləndirilib. “Məruzəçi” qismində dəyərləndirilən ali təhsil müəssisələri sırasında Azərbaycan Dövlət Aqrar Universiteti də yer alır.
Sözügedən reytinq elmi mükəmməlliyin artırılması, fənlərarası yanaşmaların genişləndirilməsi və qlobal problemlərin həllində elmlərarası əməkdaşlığın təşviqi məqsədilə hazırlanıb. Qiymətləndirmə prosesi universitetlərin fəaliyyətini resurslar (maliyyələşdirmə və investisiya imkanları), proses (uğur göstəriciləri, akademik imkanlar, inzibati dəstək və inkişaf perspektivləri) və nəticələr (elmi nəşrlər, tədqiqatın keyfiyyəti və elmi reputasiya) istiqamətləri üzrə ölçür.
Qeyd edək ki, “Interdisciplinary Science Rankings” fənlərarası elmi fəaliyyətə verilən töhfələri qiymətləndirməklə qlobal miqyasda ilk və yeganə reytinqdir. Bu reytinqdə ADAU-nun yer alması universitetdə həyata keçirilən elmi-tədqiqat işlərinin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisidir.
