"2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb: "İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar təxminən 9.2 faiz artırılacaq. Gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin məbləği Ermənistanın büdcəsinin ümumi xərclərindən daha çoxdur. 2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2.4 milyard dollarlıq sosial ayırmalarından 4.2 dəfə yaxın, Gürcüstanın 2.6 milyard dollarlıq sosial xərclərindən 3.8 dəfə çoxdur".
Anar Kəlbiyev
