Dünya kinosunun tanınmış simalarından olan fransız aktyor Jerar Depardye ilə bağlı yeni qərar verilib. Paris Apellyasiya Məhkəməsi aktyorun 2018-ci ildə aktrisa Şarlott Arnulda qarşı törətdiyi iddia edilən zorlamaya görə məhkəmə qarşısına çıxmasına qərar verib.
"Unikal" dünya mətbuatına istinadən xəbər verir ki, hadisə 2018-ci il avqustun 7-də aktyorun Parisdəki evində baş verib. Həmin vaxt 22 yaşında olan aktrisa Depardyeni cinsi zorakılıqda ittiham edib. O, aktyorun evində iki ayrı tarixdə hücuma məruz qaldığını bildirib.
Məhkəmə ikinci hadisə ilə bağlı ittihamı rədd etsə də, avqustun 7-də baş verdiyi iddia edilən hadisə üzrə cinayət mühakiməsinin davam etdirilməsinə qərar verib.
77 yaşlı aktyor ittihamları qəbul etmir. Onun vəkilləri qərardan Fransanın ən yüksək məhkəmə instansiyasına şikayət vermək imkanını nəzərdən keçirirlər.
Reuters-in məlumatına görə, təqsiri sübuta yetirilərsə, Depardye 15 ildən 20 ilədək azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, 200-dən çox film və televiziya layihəsində rol alan aktyor daha əvvəl də cinsi zorakılıq ittihamları ilə məhkəməyə çıxarılıb. O, 2025-ci ildə film çəkilişi zamanı iki qadına qarşı cinsi zorakılıqda təqsirli bilinərək 18 ay şərti həbs cəzasına məhkum edilib. 2026-cı ilin noyabrında isə həmin hökmdən verdiyi apellyasiya şikayətini geri götürüb və zərərçəkənlərdən üzr istəyib.
Bir vaxtlar Fransa kinosunun ən parlaq simalarından hesab edilən aktyorun adı son illərdə məhkəmə qalmaqalları ilə gündəmə gəlir.
Ramil Zeynallı





.jpg)

.jpg)







































