Ərini yandırdığı üçün saxlanılan dörd uşaq anasının övladlarına qovuşma anı izləyənləri duyğulandırıb.
"Unikal" xəbər verir ki, görüntüləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.
M.Zeynalovanın sözlərinə görə, 14 yaşında valideynlərini itirən qadın yetkin yaşlı şəxslə qeyri-rəsmi ailə qurub və illər ərzində ağır məişət zorakılığına məruz qalıb.
2026-cı il avqustun 20-də qadının həyat yoldaşı evə benzin gətirərək ailə üzvlərini yandıracağı ilə hədələyib.
Övladlarının həyatından qorxan qadın isə kişinin ayağına benzin tökərək onu yandırıb.
Hadisədən sonra qadın dövlət qurumlarına müraciət edərək həbs olunmasını istəsə də, qarşı tərəfin şikayəti olmadığı üçün saxlanılmayıb.
Daha sonra o, sığınacağa yerləşdirilib.
Mehriban Zeynalovanın sözlərinə görə, qadın sənəd işləri ilə əlaqədar ASAN Xidmətə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
48 saatlıq saxlanılmadan sonra isə məhkəmə prosesi keçirilənədək yenidən sığınacağa qaytarılıb.
Zeynalova bildirib ki, həmin müddətdə qadının dörd övladı analarının yolunu səbirsizliklə gözləyib. Nəhayət, ötən gecə uşaqlar analarına qovuşublar.
“İndi isə məhkəmənin onun barəsində verəcəyi qərarı gözləyirik. Ən böyük arzumuz və ümidimiz bu ananın övladlarının yanında qalması və onlardan ayrı düşməməsidir”, - deyə Mehriban Zeynalova qeyd edib.







.jpg)















.jpg)




























