"Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə olunmuş iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib: müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyük miqyaslı sosial paketlər reallaşıb və əhalinin rifahı yüksəlib. Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib", - deyə nazir bildirib.

M.Cabbarov qeyd edib ki, Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır:

"Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49 faiz təşkil edirdisə, cari ilin 10 ayında artıq 55 faizi ötüb. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır".

Anar Kəlbiyev