Çin Xalq Respublikasının Şanxay Elm və Texnologiya Universitetinin (University of Shanghai for Science and Technology – USST) vitse-prezidenti Zhao Ningin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

"Unikal" xəbər verir ki, qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev iki universitet arasında tərəfdaşlığın mövcud vəziyyətindən danışıb, əməkdaşlığın elmi-tədqiqat və akademik mobillik istiqamətlərində daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Rektor bildirib ki, AzTU sənaye ilə sıx əlaqəli tədris və tədqiqat modelini inkişaf etdirir. Bu baxımdan, Çinin aparıcı texniki universitetləri ilə birgə proqramların və layihələrin həyata keçirilməsi universitetin beynəlmiləlləşmə strategiyasında xüsusi yer tutur.

USST-nin vitse-prezidenti Zhao Ning öz növbəsində rəhbərlik etdiyi universitetin fəaliyyəti, tədris və elmi-tədqiqat sahələri üzrə prioritet istiqamətləri barədə məlumat verib. O, AzTU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.

Görüşdə mühəndisliyin müxtəlif istiqamətləri üzrə ikili diplom proqramlarının birgə hazırlanması və həyata keçirilməsi müzakirə olunub. Tərəflər həmçinin mühəndisliyin cihazqayırma, mexatronika, materialşünaslıq, süni intellekt və biotibbi texnologiyalar kimi sahələrində birgə tədqiqatların aparılması imkanlarını nəzərdən keçiriblər. Bu çərçivədə birgə elmi rəhbərliyin təşkili, laboratoriyaların imkanlarından birgə istifadə, elmi nəşrlərin hazırlanması, tədqiqatçı və doktorantların mobilliyi, eləcə də birgə layihə və qrant müraciətlərinin hazırlanması məsələlərinə toxunulub.

Görüşdən sonra qonaqlar universitetin kampusunu gəzib, AzTU-nun tədqiqat infrastrukturu və laboratoriyaları ilə tanış olublar.