13 noyabr 2026-cı il tarixində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində “Gənc Tibb İşçilərinin Konfransı” adlı layihənin növbəti mərhələsi keçirilib.
"Unikal" xəbər verir ki, konfransda dövlət qurumlarının, səhiyyə strukturlarının və həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də Ağdam və ətraf 11 şəhər və rayondan olan 130a yaxın gənc tibb işçiləri iştirak ediblər.
Tədbir çərçivəsində keçirilən panel müzakirələrində gənclərin peşəkar inkişafı, əmək hüquqları, psixoloji rifahı, karyera imkanları, hüquqi risklər və regionlarda davamlı məşğulluq məsələləri müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.
Konfransın interaktiv hissəsində “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış” keçirilib. İştirakçılar tibbi biliklərini, analitik düşünmə və komanda işi bacarıqlarını nümayiş etdiriblər.
Tədbir Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının, eləcə də Qarabağ Universitetinin İncəsənət fakültəsinin kafedra müdiri, Əməkdar artist Səbuhi İbayev və tələbələrinin iştirakı ilə təqdim olunan bədii proqramla davam edib.
Qeyd edək ki, layihənin əvvəlki regional mərhələləri Şamaxı, Qəbələ, Tovuz, Yardımlı, Quba rayonlarında və Mingəçevir şəhərində keçirilib.
























































