Türkiyə Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi, Qazi Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür.

"Unikal" xatırladır ki, 1881-ci ildə Salonikidə anadan olan Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da, saat 09:05-də İstanbulun Dolmabağça sarayında vəfat edib.

Hər il noyabrın 10-da Türkiyədə Atatürkün xatirəsi dərin ehtiramla yad edilir. Həmin gün saat 09:05-də ölkənin hər yerində nəqliyyatın hərəkəti dayanır, insanlar bir dəqiqəlik sükutla böyük liderin xatirəsini anırlar.

Atatürk Türkiyənin müstəqillik mübarizəsinə rəhbərlik etməsi, 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elan olunmasında tarixi rol oynaması və həyata keçirdiyi köklü islahatlarla türk tarixində silinməz iz qoyub. Türkiyə xalqının ona verdiyi "Sarı Paşa" adı da milli mübarizə illərinin yaddaşında xüsusi yer tutur.

10 noyabr Türkiyədə yalnız tarixi bir şəxsiyyətin vəfatının ildönümü deyil, həm də Cümhuriyyətin qurucusunun irsinə sədaqətin nümayiş etdirildiyi gündür. Paytaxt Ankarada yerləşən Anıtqəbir Atatürkün məqbərəsi olmaqla yanaşı, Türkiyə xalqının milli yaddaşının və dövlətçilik tarixinin rəmzlərindən biridir. Hər il bu tarixdə minlərlə insan məqbərəni ziyarət edərək onun xatirəsini yad edir.

Azərbaycan Atatürkə olan ehtiramını tarixi qərarla nümayiş etdirib

Atatürkün xatirəsi Azərbaycanda da xüsusi ehtiramla yad olunur. Bunun ən mühüm nümunələrindən biri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı qəbul etdiyi qərardır.

Belə ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də 10 noyabr tarixini Azərbaycanda Zəfər Günü elan etsə də, Türkiyədə həmin günün Mustafa Kamal Atatürkün anım tarixi olduğunu nəzərə alaraq, dekabrın 3-də qərarını dəyişib. Zəfər Gününün hər il noyabrın 8-də qeyd olunması müəyyənləşdirilib.

Bu qərar həm də Azərbaycanın Türkiyə Cümhuriyyətinin qurucusuna və iki xalqın ortaq tarixi dəyərlərinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir. Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixinin seçilməsi isə Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ağarza Elçinoğlu