8 Noyabr – Zəfər Günü münasibətilə Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda keçirilən silsilə tədbirlərdə iştirak edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, şəhid ailələri ilə görüşüb.
"Unikal" xəbər verir ki, əvvəlcə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri ilə birlikdə şəhər qəbiristanlığında şəhidlərin məzarları ziyarət olunub. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.
Daha sonra Zəfər Kompleksi və Şəhidlər abidəsi ziyarət olunub, abidələr önünə gül dəstələri qoyulub. Günün davamında Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş konsert proqramı izlənilib.
Günün ikinci yarısında millət vəkili Asif Əsgərov şəhid ailələri ilə ehsan süfrəsi ətrafında görüş keçirib. Görüş zamanı Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, onların qəhrəmanlıq və fədakarlıq nümunələrindən söhbət açılıb.
Şəhid ailələrinə göstərilən diqqət və qayğının davamı olaraq, millət vəkilinin şəxsi dəstəyi ilə püşkatma yolu ilə müəyyən edilmiş dörd şəhid ailə üzvünün müqəddəs torpaqlara – Ümrə ziyarətinə göndərilməsi ilə bağlı təşəbbüs bu il də həyata keçirilib. Görüş çərçivəsində ziyarətə yollanacaq ailə üzvlərinə tur paketləri təqdim olunub. Bu mənəvi əhəmiyyət daşıyan səfərin şəhid ailə üzvləri üçün xüsusi bir xatirəyə çevriləcəyi vurğulanıb.
Eyni zamanda görüş çərçivəsində şəhid ailələri üzvlərinin və qazilərin müraciətləri də dinlənilib. Qaldırılan məsələlərlə bağlı millət vəkilinin səlahiyyətləri çərçivəsində müvafiq izahatlar verilib, həlli əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada yönləndirilərək nəzarətə götürülüb.
Sonda şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya, şəhid ailələrinin daim dövlətin xüsusi diqqət mərkəzində saxlanılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Millət vəkili Asif Əsgərov şəhid ailələrinə diqqət və qayğının daim davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların ailələrinin yanında olmaq hər birimizin mənəvi borcudur.
Zəfər Günü münasibətilə keçirilən tədbirlər bir daha şəhidlərimizin əziz xatirəsinə ehtiramın, milli birliyimizin və Vətənə bağlılığımızın təcəssümü olub.






















.png)

























