İsrail Prezidenti İsxak Hersoq parlament seçkilərinin nəticələrinə əsasən müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmaq mandatı verib.
"Unikal" xəbər verir ki, mərasim prezidentin iqamətgahında keçirilib. Hersoq Ayzenkota uğurlar arzulayaraq İsrailə uzun müddət fəaliyyət göstərə biləcək sabit hökumətin lazım olduğunu bildirib. O, parlamentə daxil olan siyasi qüvvələri birliyə çağırıb.
Qadi Ayzenkot isə hökumətin formalaşdırılması prosesini mümkün qədər tez başa çatdırmağa ümid etdiyini deyib. O, bu prosesdə tərəflərin kompromisə getməsinin vacibliyini vurğulayıb.
İsrail qanunvericiliyinə əsasən, Ayzenkot hökuməti formalaşdırmaq və 120 yerlik Knessetin deputatlarının əksəriyyətinin dəstəyini qazanmaq üçün 28 gün vaxt əldə edib. Zərurət yaranarsa, bu müddət daha 14 gün uzadıla bilər.
Əgər müəyyən olunmuş müddətdə hökumət formalaşdırılmazsa, mandat başqa namizədə verilə bilər. Heç bir namizədin sabit koalisiya yarada bilməməsi halında isə 90 gün sonra növbədənkənar parlament seçkiləri keçiriləcək.

















































