Tarixi Qələbəmizin növbəti ildönümü münasibətilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, “Prime Cotton” MMC-nin baş icraçı direktoru Tural Əlizadə, Vətən müharibəsi qaziləri, eləcə də qurumların nümayəndələri və kollektivi Şəhidlər Abidə Kompleksini və Şəhidlər xiyabanını  ziyarət ediblər.

"Unikal" xəbər verir ki, anım mərasimində əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub. Şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzülərək onlara dərin ehtiram ifadə edilib.

Ziyarət çərçivəsində bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə qazanılan bu parlaq Zəfər xalqımızın otuz illik həsrətinə son qoyub. Şəhidlərimizin qanı, canı və qazilərimizin fədakarlığı hesabına yazılan bu Zəfər tarixi hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir.

Şəhidlərimizin mənəvi irsinə sahib çıxmaq, onların ailələrinə və qazilərimizə diqqət və qayğı göstərmək həm dövlət, həm də özəlsektor nümayəndələri üçün mənəvi borcdur.