Goranboy Rayon İcra Hakimiyyətinin 8 Noyabr-Zəfər Günü ilə bağlı Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılması və həlli istiqamətində tədbirlər davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Xoylu kəndində Vətən müharibəsi şəhidi Xıdırov Elgün Fuad oğlunun ailəsinə məxsus fərdi yaşayış evində şəhid ailələri ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri, şəhid ailələri və kənd sakinlərinin iştirak etdiyi görüşdə şəhid ailələrinin sosial-məişət şəraiti, gündəlik qayğıları və onları narahat edən məsələlər ətraflı dinlənilərək səsləndirilən müraciət və təkliflər diqqətlə nəzərdən keçirilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailələri ilə söhbət zamanı Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri Vətən qarşısında misilsiz xidmətləri olan şəhid ailələrinin və qazilərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunması olduğunu bildirərək onların müraciətlərinin operativ şəkildə araşdırılması, qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi və sosial təminatlarının gücləndirilməsi daim diqqətdə saxlanıldığını qeyd edib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək dövlət tərəfindən sosial dəstəyin yüksək qiymətləndirildiyini bildiriblər.
Bildiririk ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirilməsi, onların sosial qayğılarının öyrənilməsi və müraciətlərinin həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.



.jpg)

.jpg)










































