Müharibə bir xalqın tarixində dərin izlər buraxır. Daha dərin izlər isə müharibədən zərərçəkən, itki verən insanların qəlbində olur. Vətən müharibəsindən bəhs edən “44” bədii filminin premyerasından sonra dedim ki, qısa zamanda filmə baxmalıyam.

Kinoteatra gedənə qədər beynimdə atamın şəhadətə ucalmasının 30 illiyi ilə bağlı çəkdiyimiz “Oğluma məktub – Şəhid Əhməd” sənədli filminin çəkilişləri zamanı yaşadıqlarım canlanırdı. Atamın döyüş yoldaşları onunla bağlı xatirələrini danışanda nə qədər təəccüblənmişdim. Danışdıqları adam mənim sadə, öz işində-gücündə olan atammı idi? Axı, sıradan bir adam necə o cür döyüşər, qəhrəmanlıq göstərər, ölümün gözünə dik baxa bilər? Müharibəyə gedənə qədər onun əlində çəkic, dəmir döyəcdən başqa heç nə olmayıb. Deməli, məqam gələndə sıradan bir dəmir ustası “dəmir yumruq” olub düşmənin başına dəyə bilir. Hətta arxada qoyub gəldiyi ailəsini, uşağını düşünmədən ölümə gedər, şəhadətə ucala bilir. Buna qəhrəmanlıq de, vətənpərvərlik de, nə deyirsən de, bu, insanüstü bir şeydir. Və bunu anlamaq çox çətindir. Hiss etmək olar, amma bu hikməti tam mənada anlamaq imkansızdır.

“44” filmini ailəmlə birlikdə izlədim. Belə demək mümkündürsə, film 44 günü əhatə edə bilib. Təbii ki, filmdə müharibə bir XTQ qrupunun savaşı formatında təqdim olunub. Yaxşı tərəflərdən biri odur ki, filmdə pafos çox deyil. Qəhrəman da sadə bir Azərbaycan gəncidir. Sıradan bir həyatı var. Ata-anası sadə ziyalıdır, özü də ki... Hər birimiz kimi sevir, sevilir, dost olur, dostluq edir.

Filmdə ən çox təsirləndiyim iki səhnə var idi. Biri Lerikdən olan şəhid əsgərin atasının “qara xəbər”i alanda xəritədə oğlunun şəhid olduğu yerə qara rəngli nişan qoyduğu an üzündə nifrətlə kədərin qarışması idi. Çünki o cizgilər mənə tanış gəlirdi. 1994-cü ildə babamın üzündə də elə bir ifadə var idi.

Bir də XTQ polkovnik-komandirinin Cıdır düzünün ətəyində vurulması, sonra da qayaların başında şəhid olması içimi titrətdi. Ailəmin yanında özümü nə qədər sıxsam da, göz yaşlarıma hakim ola bilmədim.

Düzü, filmi tam təhlil etmək üçün daha sakit bir ortamda, bir az da soyuqqanlı tərzdə baxmaq lazımdır. Çünki zalın hər tərəfində kövrələn, ağlayan, hətta hönkürən adamların yanında film haqqında düşünmək, təhlil aparmaq mümkün deyildi.

Filmdə döyüş səhnələri texniki cəhətdən, demək olar ki, lazımi səviyyədə canlandırılmışdı. Sözsüz ki, Vətən müharibəsindən bəhs edən ilk bədii filmdə “səxavətli” davranıldığı hiss olunurdu. Mənə elə gəldi ki, filmdə emosiya bir az az idi. Ssenarinin mətnindəki bəzi vurğular zəif idi. Daha təsirli ifadələr seçilə bilərdi. Sanki bədii filmlə sənədli film arasında qalmışdılar. Bəlkə də, yanılıram, pafosdan qaçmaq üçün bunu ediblər...

Amma ümumən, təsirli film idi. Müharibədən yaralı biri kimi, qüruru hər şeydən üstün tutan bir şəhid oğlu kimi xeyli təsirləndim. Gözümdən bir neçə damcı yaş süzülsə də, içimə bir xalqın göz yaşı qədər ağrı-acı axıtdım. Amma nə yaxşı ki, film sonda zəfərlə bitir. Gerçəkdə olduğu kimi... O qəhrəmanlar bu fani dünyaya gözlərini yumsalar da, şəhadət diyarında və xalqın qəlbində əbədi yaşayacaqlar. Necə deyərlər: “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün...”

Və biz də ömrümüzün sonuna qədər qalib bir ölkənin vətəndaşları kimi yaşayacağıq. Amma bu qalibiyyəti yaşadığımız hər an, azad Qarabağa, Bütöv Azərbaycanın hər qarışına ayaq basanda ONLARI unutmamalıyıq.

Zaur Əhməd