"Bu qanun layihələrinin qəbul olunması ordumuzun güclənməsinə, onun intellektual səviyyəsinin artmasına xidmət edir. Bütün müharibələrin və döyüşlərin əsas aparıcı faktoru insandır. 44 günlük Vətən müharibəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, suverenliyin bərpa olunmasında da biz şahidi olduq ki, qəhrəman Azərbaycan əsgərinin rolu əvəzolunmazdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı  parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, hansı texnikadan asılı olmayaraq insan faktoru aparıcı roldur, ordunun əsasını insan faktoru təşkil edir: "O baxımdan onların seçilib yığılması, rütbələrinin artırılması, digər təlimlərin, tədrislərin keçirilməsi insan faktorunun daha da zənginləşməsinə xidmət edən amillərdəndir. Biz burada göstəririk magistratura, doktorantura və sair. O sahələr burada nəzərdə tutulmalıdır ki, ordu ilə bağlılığı olsun. Götürək ki, filologiya və yaxud da fəlsəfənin magistrinin orduya nə aidiyyəti var? Oarda fəlsəfə dərsi deyəcək? Və yaxud da filologiyadan olan orada şeir oxuyacaq? Yəni, riyaziyyatdır, fizikadır, kimyadır, coğrafiyadır, ayrı-ayrı sahələr var ki, bunlar orduda vacibdir. Həm texnikanın istifadəsi üçün, həm də ümumilikdə götürdükdə gələcəkdə fəaliyyət istiqamətlərini davam etdirmək üçün. Amma elə sahələr var ki, onların özü də nizamlanmalıdır".

Milli Məclisi sədr müavini Ziyafət Əsgərov cavab olaraq bildirib: "Siyavuş müəllim təklif edir ki, o magistrlərə, o rezidenturada oxuyan şəxslərə, doktorantlara üstünlük verilsin ki, onlar fundamental elmlərlə məşğuldurlar. Yəni, misal üçün, deyirsiniz ki, fəlsəfənin, filologiyanın bura nə dəxli var. Riyaziyyatdır, fizikadır, kimyadır - bunlar fundamental elmlərdir. Amma hərbi qulluqçunun gözəl məntiqi də olmalıdır. Bu məntiq də fəlsəfədir. Hərbi qulluqçular özləri də ədəbiyyatı da, filologiyanı da, dilçiliyi də gözəl bilməlidirlər".

Anar Kəlbiyev