Azərbaycan 2025-ci ildə Türkmənistanla 208 milyon dollarlıq ticarət dövriyyəsi həyata keçirib. Ticarət əlaqələrində idxalın əsas hissəsini enerji məhsulları, ixracda isə şəkər, metal məmulatları və kənd təsərrüfatı məhsulları təşkil edib.
“Unikal” xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycana Türkmənistandan 114,5 milyon dollarlıq məhsul idxal olunub. Qardaş ölkəyə ixracımız isə 63,8 milyon dollar təşkil edib.
Azərbaycan ötən il Türkmənistanla 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib. İdxalın strukturunda enerji məhsulları üstünlük təşkil edib. Belə ki, Azərbaycana Türkmənistandan 36,4 milyon dollar dəyərində təbii qaz, 12,5 milyon dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı, 7,7 milyon dollarlıq qazoyllar və 7,4 milyon dollarlıq maye yanacaq idxal edilib.
Bundan başqa, Türkmənistandan 2,3 milyon dollarlıq mineral və ya kimyəvi azot gübrələri, 1,4 milyon dollarlıq sürtkü yağları və digər məhsullar alınıb.
İxracın strukturunda isə ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza ilk sırada yer alıb. 2025-ci ildə Azərbaycan Türkmənistana 22,4 milyon dollarlıq şəkər, 7,8 milyon dollarlıq dəmir və ya aşqarlanmamış poladdan hazırlanmış məhsullar, 3,9 milyon dollarlıq pambıq lifi və 1,8 milyon dollarlıq qara metallardan hazırlanmış konstruksiyalar ixrac edib. Həmçinin qardaş ölkəyə 931 min dollar dəyərində kərə yağı və digər məhsullar satılıb.
Vüqar Bayramov qeyd edib ki, digər qardaş türk dövlətləri ilə olduğu kimi, Türkmənistanla da ticarət dövriyyəsinin artırılması prioritet istiqamətlərdəndir. Əsas hədəflərdən biri qeyri-neft-qaz məhsulları üzrə ticari əməkdaşlığın gücləndirilməsidir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı ölkəmizin Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistanla iqtisadi əlaqələrinin inkişafına diqqət çəkib.




















.jpeg)
..jpeg)




















.jpg)




