Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Kanat Niyazbekov Xəzər dənizində keçirilən təlimlər zamanı 14 hərbi qulluqçunun ölümü ilə əlaqədar həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin hərbi istintaq bölməsi birinci dərəcəli kapitanı vəzifə borcunu yerinə yetirərkən səhlənkarlıq etməkdə şübhəli bilərək saxlayıb. Məhkəmə onun həbsinə qərar verib və o, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Faciə sentyabrın 24-də Manqistau vilayətində keçirilən təlimlər zamanı baş verib. Hava şəraitinin qəfil pisləşməsi və güclü külək səbəbindən 17 hərbi qulluqçu dənizə sürüklənib. Onlardan üçü xilas edilib, lakin digər 14 nəfər həlak olub. Onların üzərində xilasedici jilet olmayıb.
Niyazbekov Qazaxıstan Hərbi Dəniz Qüvvələrinə 2025-ci ilin avqustundan rəhbərlik edirdi. Həbsindən üç gün əvvəl – oktyabrın 3-də Prezident Kasım-Jomart Tokayev onu vəzifəsindən azad etmişdi.
İşlə əlaqədar daha əvvəl Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi və hərbi hissə komandirləri də daxil olmaqla, beş yüksək rütbəli zabit saxlanılmışdı. İstintaq ağır nəticələrə səbəb olan səhlənkarlıq və gəmiçilik qaydalarının pozulması ittihamları əsasında aparılır.
Faciədən sonra ölkədə milli matəm elan edilib. Tokayev hərbi qulluqçuların ölümünü zabitlərin cinayətkar səviyyədə qeyri-peşəkarlığı ilə əlaqələndirib və ordu islahatı planının hazırlanması barədə göstəriş verib.
Ağarza Elçinoğlu











.jpg)







.jpg)






















.jpg)













