Yəmən ordusu son sutkada husilərin mövqelərinə və hərbi obyektlərinə 257 zərbə endirdiyini açıqlayıb.

“Unikal” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin məlumatına görə, hücumlar zamanı döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya, raketlər və yaylım atəşli reaktiv sistemlərdən istifadə olunub.

Zərbələr Səna, Midi, Bakim, Əl-Cəvf, Mərib, Əl-Beyda və Ləhic istiqamətlərini əhatə edib. Əməliyyatlar əsasən Taiz cəbhəsində cəmləşib.

Hədəflər arasında husilərin komanda-idarəetmə mərkəzləri, canlı qüvvənin toplandığı ərazilər, ehtiyat bölmələri, silah-sursat anbarları və hərbi təchizat xətləri olub.

Ordunun açıqlamasına əsasən, zərbələr nəticəsində azı 700 husi öldürülüb və ya yaralanıb, 170 hərbi nəqliyyat vasitəsi və döyüş texnikası məhv edilib və ya sıradan çıxarılıb.