İsrail "Flydubai" aviaşirkətinə məxsus təyyarə ilə bağlı insidentin araşdırılmasında iştirak edə bilər.

"Unikal" xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu "Fox News"a müsahibəsində bildirib.

"İnsidentdə iştirak edən pilot hazırda Səudiyyə Ərəbistanında dindirilir. Güman edirəm ki, o, uçuşa başladığı BƏƏ-yə təhvil veriləcək. Biz isə araşdırmanı izləyəcəyik və ehtimal ki, bunda iştirak da edəcəyik", - deyə Netanyahu söyləyib.

O qeyd edib ki, araşdırma zamanı hadisənin təfərrüatları müəyyən edilməlidir: "Beləliklə, biz bunu öyrənəcəyik".

Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" sərnişin təyyarəsi təhlükə siqnalı verib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına eniş edib. "Flydubai"nin mətbuat xidməti bütün sərnişinlərin təhlükəsizlikdə olduğunu bildirib. İsrailin 12-ci telekanalının məlumatına görə, insidentə iki pilot arasında baş verən dava səbəb olub. Şahidlərin sözlərinə görə, onlardan biri bıçaqlanıb. İsrailin müdafiə naziri İsrail Kats hadisəni terror aktı cəhdi kimi qiymətləndirib.

Ağarza Elçinoğlu