Şuşaya gedən hər kəs bu şəhərin adi bir turizm məkanı olmadığını anlamalıdır. Şuşa Azərbaycanın tarixinin, mədəniyyətinin və milli yaddaşının canlı hissəsidir. Burada küçələr, evlər, qayalar, daşlar, məscidlər və digər tarixi məkanlar yalnız obyekt deyil. Onların hər biri şəhərin keçmişindən xəbər verən yaddaş elementidir.

Bu baxımdan son günlər Şuşada bəzi turistlərin qaya və daşların üzərinə müxtəlif adlar və yazılar həkk etməsi ciddi narahatlıq doğurur. İlk baxışdan bəzilərinə adi və zərərsiz görünə biləcək bu hərəkət, əslində, ictimai məkana və tarixi-mədəni irsə münasibətdə məsuliyyətsizliyin göstəricisidir.

Daşın üzərinə ad yazmaq, tarixi divarı cızmaq və ya qayaya hər hansı işarə həkk etmək "xatirə saxlamaq" deyil. Bu, həmin məkanın təbii və ya tarixi görünüşünə müdaxilədir. Əgər söhbət Şuşadan gedirsə, məsələ daha ciddi xarakter alır.

Şuşanın Azərbaycanın ictimai şüurundakı yeri digər yaşayış məntəqələrindən fərqlənir. Şəhər əsrlər boyu Azərbaycan mədəniyyətinin əsas mərkəzlərindən biri olub. Qarabağ xanlığının siyasi tarixində mühüm rol oynayan Şuşa sonrakı dövrlərdə Azərbaycan ədəbiyyatının, musiqisinin və incəsənətinin ən böyük simalarının yetişdiyi məkana çevrilib.

Buna görə Şuşaya turist kimi gedən şəxsin davranışı da sıradan turizm məkanında davranışdan fərqli olmalıdır. Burada insanın özündən sonra qoyduğu hər iz onun şəxsi xatirəsindən daha böyük məna daşıyır.

Külündən közərən Qarabağ - FOTOLAR

Bir turistin qayaya yazdığı ad gələcək nəsillər üçün heç bir tarixi əhəmiyyət daşımır. Əksinə, həmin yazı şəhərin təbii görünüşünü korlayır və başqa şəxslər üçün də eyni davranışa psixoloji zəmin yaradır. Bir yazı digərini doğurur, nəticədə tarixi və təbii məkanlar tədricən nəzarətsiz yazılarla çirkləndirilir. 

Şuşanın bu məsələdə həssaslığını müəyyən edən əsas amillərdən biri də onun 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilməsidir.

Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən ağır və mürəkkəb əməliyyatlarından biri kimi yadda qalıb. Azərbaycan hərbçiləri şəhərə mürəkkəb relyef şəraitində, ağır döyüşlər apararaq daxil oldular. Şəhərin azad edilməsi itkilər və qəhrəmanlıqlar bahasına başa gəldi. Yəni tarix yazmaqla, tarixin üzərinə yazı yazmaq tamam fərqli şeylərdir. Bunu qarışdırmayaq. Şuşanın daşları yazı taxtası deyil!

Deyə bilərlər ki, "qayanın üzərinə elə Şuşanı, Zəngilanı, Qubadlını azad edən şəhidlərin adları yazılıb". Lakin bir şeyi unutmayaq. Hər birimizə məlumdur ki, hərbçilərimiz Şuşaya zərər verməmək üçün maksimum ehtiyatlı davranıblar, nəinki raketlər, toplar, dronlar, hətta böyük silahlardan da istifadə etməyiblər, süngü-bıçaq və tapançalarla vuruşublar. Onlar bu cür həssas davrandıqları şəhərin qayasının belə yazılmasına razı olmazdılar. Həmin qayaların üzərində güllə izləri hələ də qalmaqdadır. Ən azından o qayaya əl uzadanda, həmin izləri görüb dərindən fikirləşməkdə fayda var...

Külündən közərən Qarabağ - FOTOLAR

Burada söhbət yalnız şəhidlərin ruhuna hörmətdən də getmir. Məsələ həm də onların uğrunda mübarizə apardıqları şəhərin qorunmasıdır. Azərbaycan əsgəri Şuşanı dağıtmaq üçün deyil, onu qorumaq üçün döyüşüb. Bu gün isə həmin şəhəri qorumaq artıq hər bir vətəndaşın və ora gələn hər bir şəxsin məsuliyyətidir.

Bənzər hallar Azərbaycanda daha əvvəl də müşahidə olunub. Nizami Kino Mərkəzinin binasında insanların müxtəlif yazılar buraxması cəmiyyətdə haqlı narazılıq doğurmuş, hadisə vandalizm kimi qiymətləndirilmiş və bununla bağlı hüquqi tədbirlər görülmüşdü.

Bu nümunə göstərir ki, məsələ sadəcə divara yazı yazmaq səviyyəsində qəbul edilməməlidir.

İctimai və tarixi əhəmiyyət daşıyan obyektlər üzərində icazəsiz yazılar həmin məkanın ilkin görünüşünü dəyişdirir. Əgər bu davranışa vaxtında və sistemli şəkildə reaksiya verilməsə, zaman keçdikcə cəmiyyət bunu adi hal kimi qəbul etməyə başlaya bilər. Ən təhlükəli məqam da məhz budur.

Belə halların qarşısının alınması üçün maarifləndirmə vacibdir. Xüsusilə Şuşa kimi xüsusi tarixi və mədəni əhəmiyyət daşıyan ərazilərdə qoruyucu mexanizmlər daha sərt və sistemli olmalıdır.

Tarixi və mədəni irs obyektlərinə, onların elementlərinə və qorunan ərazilərə zərər vurulması ilə bağlı Azərbaycan qanunvericiliyində məsuliyyət mexanizmləri mövcuddur. Bu səbəbdən belə hərəkətlərə münasibətdə əsas prinsip aydın olmalıdır: "Zərər kiçikdir" arqumenti hüquqi məsuliyyəti aradan qaldırmamalıdır.

Əksinə, hüquqi reaksiya ilk növbədə qabaqlayıcı xarakter daşımalıdır. İnsan bilməlidir ki, tarixi abidənin divarına, qayaya və ya qorunan digər səthə yazı yazmaq şəxsi xatirə yaratmaq yox, qanunla qorunan əraziyə müdaxilə kimi qiymətləndirilə bilər.

Bir tərəfdən dövlət Şuşanın tarixi-mədəni irsini bərpa edir, digər tərəfdən şəhərə gələn bəzi şəxslərin məsuliyyətsiz davranışı həmin mühitə zərər vurursa, burada ciddi ziddiyyət yaranır.

Təbiəti qorumaq təkcə dövlət qurumlarının vəzifəsi deyil. Bu, cəmiyyətin də kollektiv məsuliyyətidir.

Ağarza Elçinoğlu