Xəbər verdiyimiz kimi, ötən gün Ukraynanın paytaxtı Kiyevdə ölkənin öz təhlükəsizlik və kəşfiyyat orqanları arasında silahlı toqquşma baş verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) əməkdaşları qarşı-qarşıya gəliblər. 

Şəhərin Dneprovski rayonundakı Yuriya Şumskoho küçəsində baş verən hadisənin görüntüləri də yayılıb. Belə ki, tərəflər arasında gərginlik tez bir zamanda silahlı toqquşmaya çevrilib. Toqquşmada üç HUR üzvünün yaralanıb, onlardan biri həyatını itirib. Hadisədən sonra polis ərazini mühasirəyə alıb və küçə bir müddət nəqliyyat üçün bağlanıb.

İlk atəşi hansı tərəfin açdığı ilə bağlı müxtəlif fikirlər var.

HUR mənbələri ilk atəşlərin SBU tərəfindən açıldığını iddia etsə də, SBU HUR üzvlərinin bir məhbusu zorla azad etməyə çalışdığını və atəşi açanların məhz onların olduğunu iddia edib. 

SBU, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən planlaşdırılan hücumla bağlı istintaq çərçivəsində bir ünvanda axtarış aparıldığını açıqlayıb.  Axtarış zamanı bir qrupun istintaq qrupuna silah-sursatla hücum etdiyi və bundan sonra əraziyə Təhlükəsizlik Xidmətinin Alfa xüsusi əməliyyat bölməsinin göndərildiyi bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski də ölkənin iki təhlükəsizlik orqanı arasında baş verən silahlı toqquşmaya reaksiya verib.

Zelenski hadisəni "utancverici" adlandırıb və detalların tam araşdırılmasını əmr edib.

Gülayə Mecid