Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri çərçivəsində bu ilin yanvar–iyun aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 89 təsdiqedici sənəd təqdim edilib.

"Unikal" xəbər verir ki, sənədlərdən 6-sı texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 83-ü isə xammal və materialların idxalı üçün verilib.

BU sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 2,2 milyon manat olan texnika, texnoloji avadanlıq və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya və Cənubi Koreyadan ümumi dəyəri 6,1 milyon manat olan xammal və materiallar gömrük rüsumu tutulmadan idxal edilib.

Nəticədə cari ilin ilk 6 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 2,5 milyon manat məbləğində güzəşt əldə ediblər.