Azərbaycanda rəqəmsal transformasiyanın sürətlənməsi, genişzolaqlı internet infrastrukturunun modernləşdirilməsi, iqtisadiyyatın müxtəlif istiqamətlərində süni intellektin tətbiqi, elektron hökumət xidmətlərinin genişləndirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və yüksəkixtisaslı İKT kadrlarının hazırlanması istiqamətində mühüm proqramlar həyata keçirilir. Hazırda informasiya və rabitə sektoru qeyri-neft iqtisadiyyatının yüksək əlavə dəyər yaradan aparıcı sahələrindəndir.

"Unikal" xəbər verir ki, İKT sahəsinin müxtəlif istiqamətləri üzrə yüksəkixtisaslı kadr hazırlığının sürətləndirilməsi məqsədilə təlimlər keçirilir və təqaüd proqramları təşkil olunur. Təkcə “Technest” Təqaüd Proqramı çərçivəsində 10 min yerli mütəxəssis hazırlanıb.

Bu sahədə fəaliyyət göstərən şirkətlərə, fiziki şəxslərə, xarici investorlara tətbiq olunan vergi və digər stimullaşdırıcı güzəştlər sektorun inkişafını və investisiya cəlbediciliyini daha da artırıb. Hazırda bu güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, Azərbaycanın regionun ən cəlbedici İKT və innovasiya ekosistemlərindən birinə çevrilməsi istiqamətində işlər davam etdirilir. Nəticədə Texnopark rezidentlərinin sayı 182-yə yüksəlib, onlardan 16-sını xarici şirkətlər təşkil edir. 

Azərbaycanın innovasiya ekosisteminin bütün regionlarda inkişaf etdirilməsi məqsədilə Bakı, Sumqayıt, Naxçıvan və Gəncədə innovasiya mərkəzləri təsis olunub, yüzlərlə startap üçün mentorluq proqramları keçirilib. 

Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”un istifadəçilərinin sayı 3,4 milyon nəfəri ötüb. Platformada 400-dan çox rəqəmsal xidmət istifadəçilərə təqdim edilir. 

Görülən işlər nəticəsində 2026-cı ilin I yarımili ərzində Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5% artaraq 2 milyard manata yaxın olub. Xüsusilə proqram təminatı xidmətlərinin gəlirləri 28%-ə yaxın artıb ki, bu da ölkədə rəqəmsal həllərə tələbatın və yerli İKT şirkətlərinin fəaliyyətinin genişləndiyini göstərir. Nəticədə informasiya və rabitə sektorunun ümumi daxili məhsulda payı 1,9%-ə yüksəlib. 

Rəqəmsal infrastrukturun inkişafı, innovasiya və insan kapitalına qoyulan investisiyalar Azərbaycanın rəqəmsal iqtisadiyyatının daha da güclənməsinə, ölkənin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına və yüksək texnologiyalar əsasında formalaşan yeni iqtisadi artım modelinə keçidinə əhəmiyyətli töhfə verir.