"Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün".

"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib. 

Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun.