Nasaz avtomobillər nəqliyyatın sıxlığına gətirib çıxarır.

"Unikal" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sürücülər nasaz halda olan nəqliyyat vasitələrini idarə etməməlidir: "Bu gün baş verən yol-nəqliyyat hadisələrinin səbəblərindən biri texniki nasazlıqdır. Eyni zamanda, bu hal xüsusilə paytaxtda daha çox sıxlığa gətirib çıxarır. Avtomobil idarə edərkən baxırsınız ki, sıxlıqdır. Bir az irəlilədikdən, müəyyən məsafə qət etdikdən sonra görürük ki, bir avtomobil hərəkətin intensiv olduğu yolda dayanıb və demək olar ki, bir zolağı bağlayıb. İstər-istəməz həmin zolaqla gedən nəqliyyat vasitələri məcbur olaraq digər zolağa keçməli olurlar. Bu, saniyəlik dayanmalara, sıxlığın yaranmasına səbəb olur və hətta ağır nəticəli yol-nəqliyyat hadisələrinə gətirib çıxarır".

"Nəqliyyat vasitələrinin sazlığına diqqət yetirmək lazımdır. Avtomobildəki detalların əksəriyyətinin bir-birinə zəncirvari bağlılığı var. Bu, həm xərci artırır, həm də gözləmədiyiniz bir anda, harasa tələsdiyiniz zaman sizi yolda qoya bilər. Ona görə mütləq şəkildə vaxtı-vaxtında nəqliyyat vasitələri texniki baxışa təqdim olunmalıdır. Ümumilikdə, son olaraq deyim ki, nasaz nəqliyyat vasitəsinin istismarı da bir yol hərəkəti qayda pozuntusudur. Ona görə də hər bir sürücü bu məsələlərdə diqqətli olmalıdır, buna adi yanaşmaq olmaz. Nəzərə almaq lazımdır ki, ani diqqətsizlik böyük hadisələrin baş verməsinə gətirib çıxara bilər".