Yaponiyaya xam neftin çatdırılması heç zaman görünmədiyi qədər vacibdir, çünki təchizat marşrutları pozulub. Azərbaycanın bu baxımdan rolu daha da artır.

"Unikal" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib.

Dövlətimizin başçısı Yaponiya ilə müxtəlif sahələrdə yaxşı tərəfdaşlıq tarixinin formalaşdığını qeyd edib. O, həmçinin enerji sektoru ilə yanaşı, müdafiə sənayesi sahəsində də əlaqələrin genişləndirilməsi potensialının mövcudluğunu, birgə müəssisələrin yaradılmasının mümkünlüyünü vurğulayıb.

“Düzdür, hazırda layihələr daha azdır, son 5-6 il ərzində ölkələrimiz arasında diplomatik təmasları çox da görmürük. İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bu yerdədir, lakin yenə də potensial mövcuddur. Düşünürəm ki, hökumət rəsmiləri, biznes dairələri, şirkətlər arasında daha çox təmaslar olmalıdır. Belə olan halda biz əməkdaşlığımızın əlavə üstünlüklərini müəyyən edə biləcəyik”, - deyə Prezident İlham Əliyev əlavə edib.