"Putin Ukraynanı itirir və mən əminəm ki, o, tam nəzarəti ələ keçirmək üçün eyni zamanda Belarus, Gürcüstan və Ermənistana genişlənməyə başlayacaq".

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadan DW-yə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, Rusiya prezidenti artıq Bidzina İvanişvilidən tələb edib ki, Gürcüstanın hazırkı Baş naziri işğal olunmuş Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanısın: "Düşünürəm ki, bu, Tbilisinin tamamilə ələ keçirilməsinə gətirib çıxaracaq və heç də çətin bir iş deyil. İvanişvili Rusiyanın göstərişi ilə Gürcüstan silahlı qüvvələrini praktik olaraq məhv edib. İqtisadiyyatın 99%-i Rusiyadan asılıdır. Gürcüstanın artıq ona kömək edə biləcək dostları yoxdur. Buna görə də, tam nəzarətin qurulması yalnız an məsələsidir. Eyni zamanda, Putin Paşinyana xor baxdığı və orada güclü beşinci kolona güvənə biləcəyi üçün Ermənistanı ələ keçirməyə çalışacaq. Gürcüstanı artıq nəzarətdə saxlamadan Ermənistanı ələ keçirmək mümkün deyil".

Eyni zamanda, Saakaşvili hazırkı ABŞ administrasiyasının Rusiyaya qarşı sərt mövqeyini müsbət qiymətləndirib və Ukraynanın Avropaya inteqrasiyasının qaçılmaz olduğu fikrini bildirib.

Ağarza Elçinoğlu