Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı tərəfindən şəhid övladları üçün “Yay məktəbi” layihəsi uğurla başa çatıb.

"Unikal" xəbər verir ki, şəhid övladlarının asudə vaxtının səmərəli təşkili, onların mənəvi-psixoloji inkişafının dəstəklənməsi, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi və sosial inteqrasiyasına töhfə vermək məqsədi ilə reallaşdırılan layihə 5 gün davam edib.

“Yay məktəbi”nin ilk günü iştirakçılar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə, Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və partiya fəalları ilə birlikdə Gəncə Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzüblər.

Daha sonra xalqımızın yaddaşında silinməz iz qoymuş hadisələrin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıyan Gəncə Memorial Kompleksinə ziyarət təşkil olunub. 

“YAP Gəncə şəhər təşkilatının qərargahında şəhid övladları 5 gün ərzində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin regional filialının mütəxəssisləri tərəfindən keçirilən psixoloji dəstək və maarifləndirici təlimlərdə, maarifləndirici seminarlarda, intellektual oyunlarda və sosial-inkişaf proqramlarda iştirak edib, Gəncənin tarixi-mədəni abidələrini və muzeylərini ziyarət ediblər. Balacalar CineMastercard kinoteatrlar şəbəkəsinin Gəncə filialı, Gəncə MALL ticarət və istirahət mərkəzi, eləcə də Gəncland Ailəvi İstirahət və Əyləncə Kompleksi tərəfindən təşkil olunan müxtəlif əyləncə proqramlarında iştirak ediblər.

Layihənin sonunda YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov uşaqlarla görüşdü, onlara xatirə hədiyyəsi təqdim etdi, xatirə şəkili çəkdirildi.