Bu gün Odlar Yurdu Universitetində ali təhsildə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində mühüm əhəmiyyət daşıyan innovativ seminar keçirilib.
"Unikal" xəbər verir ki, "Süni intellektə əsaslanan professorun rəqəmsal ekizinin tələbələrə mühazirəsi" mövzusunda təşkil olunan seminar Odlar Yurdu Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İndiki Riyaziyyat İnstitutu) əməkdaşlığı çərçivəsində həyata keçirilən innovativ layihənin təqdimatı olub.
Seminarın açılışında çıxış edən Odlar Yurdu Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Qabil Qafarov bildirib ki, süni intellekt artıq bu günün və gələcəyin əsas inkişaf istiqamətlərindən biridir. O, qeyd edib ki, universitet rəhbərliyi bu sahədə yeniliklərin tətbiqini daim dəstəkləyir və məqsəd süni intellekt texnologiyalarının OYU-da davamlı ənənəyə çevrilməsi, innovativ tədris mühitinin formalaşdırılması və rəqəmsal transformasiyanın davamlılığının təmin edilməsidir.
Qabil Qafarov vurğulayıb ki, bu cür layihələr gələcəkdə müəllimlərin bilik və təcrübəsinin rəqəmsal mühitdə qorunmasına, intellektual məlumat bazalarının formalaşdırılmasına və yeni tədris imkanlarının yaradılmasına mühüm töhfə verəcək.
Daha sonra çıxış edən akademik Əli Abbasov belə bir layihənin təqdim edilməsinin məsuliyyətli bir missiya olduğunu bildirib. O qeyd edib ki, uzun illərdir süni intellekt istiqamətində tədqiqatlar aparılır və məqsəd dünyada sürətlə inkişaf edən texnologiyalardan milli maraqlar, informasiya təhlükəsizliyi və rəqəmsal suverenlik prinsipləri qorunmaqla istifadə edilməsidir.
Akademik bildirib ki, təqdim olunan rəqəmsal ekiz Azərbaycan dili bazasında hazırlanıb və müəllimin biliklərini, təcrübəsini və elmi yanaşmasını süni intellekt vasitəsilə tələbələrə çatdırmaq imkanına malikdir.
Seminar çərçivəsində akademik Əli Abbasovun süni intellekt əsasında hazırlanmış rəqəmsal ekizi auditoriya qarşısında mühazirə ilə çıxış edib. Tədbirin ən maraqlı hissələrindən biri interaktiv sual-cavab sessiyası olub. Müəllim və tələbələr rəqəmsal ekizə Azərbaycan, ingilis və rus dillərində müxtəlif mövzularda suallar ünvanlayıb, süni intellekt əsasında hazırlanan rəqəmsal ekiz isə onları operativ və məzmunlu şəkildə cavablandırıb. Bu interaktiv təqdimat iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Seminarın sonunda çıxış edən Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor, professor Fəxrəddin Məmmədov süni intellekt texnologiyalarının nümayiş etdirdiyi imkanlardan heyran qaldığını bildirib. O vurğulayıb ki, bu təşəbbüs Azərbaycan universitetləri üçün ilk olmaqla yanaşı, ali təhsildə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Professor qeyd edib ki, gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı seminarların, layihələrin və elmi təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu cür innovativ layihələr Odlar Yurdu Universitetinin inkişafına, beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına və müasir ali təhsil mühitinin formalaşmasına mühüm töhfə verəcək.
Fəxrəddin Məmmədov universitet rəhbərliyinə, xüsusilə rektorluğa bu innovativ layihəyə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edərək bildirib ki, süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası gələcəyin universitet modelinin formalaşdırılmasında mühüm rol oynayacaq.
Sonda rektor professor Əhməd Vəliyev çıxış edərək, seminarın iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını qeyd edib və süni intellekt texnologiyalarının ali təhsildə tətbiqi istiqamətində Odlar Yurdu Universitetinin həyata keçirdiyi bu təşəbbüs, innovativ təhsil modelinin uğurlu nümunəsi kimi qiymətləndirib.














.jpg)






































