15 İyun – Milli Qurtuluş Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli Qurtuluş – Müasir Azərbaycanın təməli” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Fəzail İbrahimli, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputat Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Suraxanı rayonu ərazisində yerləşən Heydər Əliyev parkında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Milli Qurtuluş – Müasir Azərbaycanın təməli” adlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, 1993-cü ilin iyun hadisələri zamanı ölkədə hökm sürən siyasi böhran, xaos və vətəndaş qarşıdurması təhlükəsi məhz Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində aradan qaldırılıb. Adil Əliyev vurğulayıb ki, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda sabitlik bərpa olunub, dövlətçilik ənənələri möhkəmləndirilib, ölkənin hərtərəfli inkişafının əsası qoyulub.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, ölkə başçımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan son illərdə böyük sosial-iqtisadi nailiyyətlər əldə edib, beynəlxalq nüfuzunu daha da gücləndirib və tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü tam bərpa edib.
Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Fəzail İbrahimli çıxışında 15 İyun tarixinin müasir Azərbaycan dövlətçiliyinin xilası günü kimi qiymətləndirildiyini bildirib. O, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin və qətiyyətli siyasi iradəsinin ölkənin parçalanmaq təhlükəsindən xilas edilməsində həlledici rol oynadığını vurğulayıb. Deputat qeyd edib ki, Milli Qurtuluşdan başlanan inkişaf yolu bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
rayonundan Milli Məclisə seçilmiş deputat Qaya Məmmədov çıxışında Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, həmin dövrdə qəbul edilmiş strateji qərarlar ölkənin sosial-iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına və güclü dövlətə çevrilməsinə zəmin yaradıb. Deputat müasir Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Milli Qurtuluş ideyalarının dayandığını diqqətə çatdırıb.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov isə çıxışında Milli Qurtuluş Gününün gənc nəslə düzgün çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Heydər Əliyev ideyalarının öyrənilməsi və təbliği milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Vüqar Seyidov qeyd edib ki, bu gün Azərbaycan cəmiyyəti
Ümummilli Liderin müəyyən etdiyi inkişaf yolu ətrafında sıx birləşərək ölkənin daha da qüdrətlənməsinə töhfə verir.
Tədbir sevilən incəsənət xadimlərinin iştirakı ilə təqdim olunan konsert proqramı ilə davam edib.





















.jpg)





























