"Hazırda ölkədə məşğul əhalinin 2 milyon 414 min nəfərini qadınlar təşkil edir, kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 min nəfərə çatır".

"Unikal" xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, hazırda qadınların orta aylıq əməkhaqqısı kişilərin orta əməkhaqqısının 69,1 faizinə bərabərdir: "Qlobal miqyasda isə bu göstərici 77-80 faiz civarındadır. Qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan 722 min 147 qadından 242 min 801 nəfəri məhz bu sahədə fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizini təşkil edir. Qadınların üstünlük verdiyi ikinci böyük sektor səhiyyə və sosial xidmətlər sahəsidir. Bu istiqamətdə 116 min 976 qadın çalışır və ümumi payda 16,2 faiz təşkil edir. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 min 566 qadının əmək müqaviləsi qeydiyyata alınıb. Qadınların orta aylıq əməkhaqqısına görə ən yüksək göstərici mədənçıxarma sənayesində qeydə alınır və bu sahədə qadın işçilərin orta maaşı 2915 manatdır.

Daha sonra maliyyə və sığorta sektorunda çalışan qadınların orta aylıq əmək haqqısı 1813 manat, informasiya və rabitə sektorunda isə 1353 manat təşkil edir. Təhsil sektorunda çalışan qadınların orta aylıq maaşı isə 731 manatdır. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinə qadın sahibkarların çıxış imkanlarının artırılması üçün  iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər ilə yanaşı, qadın sahibkarlar üçün kvotaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı".

Anar Kəlbiyev