Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.

"Unikal" AzərTac-a istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Liderin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə Ulu Öndərin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin, güclü siyasi iradənin və qüdrətli dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır.

Tədbirdə Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb.

Tədbir Ümummilli Liderin rəğbət bəslədiyi musiqi və poeziya nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri - Mənsum İbrahimov və Niyaməddin Musayev, Əməkdar artistlər - Gülüstan Əliyeva, Təyyar Bayramov, Ramil Qasımov və digər tanınmış incəsənət nümayəndələrinin ifaları böyük maraqla qarşılanıb.