"Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin dərin məzmununu və geniş əməkdaşlıq imkanlarını ifadə edir. Bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsində formalaşmış və konkret nəticələrlə müşayiət olunan çoxşaxəli əməkdaşlıq modelinə çevrilmişdir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, ikitərəfli münasibətlərin əsasını 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri təşkil edir.

"Bu sənədlər əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməklə yanaşı, əlaqələrin daha sistemli və davamlı əsaslar üzərində qurulmasına zəmin yaradıb. Yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlər tərəflər arasında etimad mühitinin gücləndiyini təsdiq edir. Baş nazirin regional səfər çərçivəsində əvvəl Ermənistanda, daha sonra Azərbaycanda olması isə diplomatik baxımdan xüsusi əhəmiyyət daşıyır və münasibətlərdə qarşılıqlı hörmətin ifadəsi kimi qiymətləndirilir.

Azərbaycan–İtaliya əlaqələrinin ən mühüm istiqamətlərindən biri enerji sahəsidir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, enerji ixracında da aparıcı mövqe tutur. 2025-ci ildə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetri İtaliya bazarına yönəldilib. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizi çərçivəsində daha da möhkəmlənir. Dəhlizin əsas seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəməri layihəsinin genişləndirilməsi istiqamətində aparılan müzakirələr gələcəkdə enerji tədarükünün daha da artırılmasına xidmət edir.
İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və illik ticarət dövriyyəsi 12 milyard dollara yaxın səviyyədədir. Bu göstərici iqtisadi münasibətlərin yüksək intensivliyini əks etdirir. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırması qarşılıqlı iqtisadi maraqların uzlaşdığını göstərir. Bu investisiyaların yeni layihələrə yönəldilməsi perspektivləri isə əməkdaşlığın daha da genişlənməsi üçün əlavə imkanlar yaradır.

İkitərəfli münasibətlərdə yeni istiqamətlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Birgə istehsalın təşkili, texnologiya mübadiləsi və sənaye sahəsində ortaq layihələrin həyata keçirilməsi bu sahədə əməkdaşlığın perspektivli olduğunu nümayiş etdirir. İtaliya texnologiyalarının və Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi innovativ yanaşmaların tətbiqinə şərait yaradır.
Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlərin xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdikləri 23 layihə iqtisadi əməkdaşlığın coğrafiyasını genişləndirir. İtaliya şirkətləri həmin layihələrdə fəal iştirak etməklə bərpa və yenidənqurma prosesinə töhfə verir və xarici tərəfdaşlar arasında ön sıralarda yer alır.

İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də təhsil sahəsidir. İtaliya-Azərbaycan Universiteti bu əməkdaşlığın təntənəsinə çevrilib. Bu ali məktəb gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanmasına və iki xalq arasında humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir. Universitet çərçivəsində həyata keçirilən akademik proqramlar və mübadilə imkanları tələbələrin beynəlxalq təcrübə qazanmasına geniş şərait yaradır. Eyni zamanda, əməkdaşlıq elmi-tədqiqat sahəsində də yeni təşəbbüslərin formalaşmasına və innovativ layihələrin inkişafına təkan verir. Dövlətimizin başçısı qeyd edib: “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir”.

Azərbaycan–İtaliya münasibətləri bu gün strateji tərəfdaşlıq əsasında inkişaf edən, enerji, iqtisadiyyat, sənaye və təhsil sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq modelidir. Qarşılıqlı maraqlara əsaslanan bu əlaqələr gələcəkdə daha da genişlənəcək, regional və beynəlxalq səviyyədə mühüm rol oynamağa davam edəcəkdir".